gundelik-xeber - Kriminal
  Baş səhifə
  Resul Quliyev mulk
  MİLLİ MƏCLİSƏ SEÇKİLƏR 2010
  Kriminal
  Siyasət
  GUNDELİK XEBER
17.10.2010  11:59

HAKİMİN ARVADINI SƏLƏM ÜSTƏ ÖLDÜRÜBLƏR

Bakıdakı hay-küylü qətlin sensasion pərdəarxası
Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov həyat yoldaşının faizə pul verməsindən xəbərsiz olub; hadisəni törədən Xalidə Əhmədova əvvəllər qanunsuz silah saxlamağa və dələduzluğa görə iki dəfə həbsdə yatıb.

Ali Məhkəmənin cinayət işləri üzrə məhkəmə kollegiyasının hakimi Tapdıq Mahmudovun həyat yoldaşının ölümü ilə bağlı şok məlumatlar almışıq. Həmin məlumatları diqqətinizə çatdırmazdan əvvəl milli.az internet portalının yaydığı bir xəbərə nəzər salaq. Xəbər portalı yazır ki, Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Bababəy qızı Əhmədovadır: “Buzovna qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan Xalidə Əhmədova ilkin dindirmə zamanı bildirib ki, qətli sələm pul üstündə törədib. Onun sözlərinə görə, mərhum sələm pul verməklə məşğul olurmuş. Natəvan Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı Natəvan Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə, hadisə baş verən gün pulla bağlı hansısa məsələsini aydınlaşdırmaq üçün Mahmudovların evinə gəlib və aralarında mübahisə yaranıb”.Redaksiyamıza daxil olan məlumatda isə deyilir ki, hakimin həyat yoldaşı Əhmədli qəsəbəsində yerləşən 7 saylı uşaq poliklinikasında uşaq həkimi işləyib. Həmin poliklinikada, qohum-qonşuda kimə borca pul lazım olubsa, onlar hakimin həyat yoldaşına müraciət ediblər. Xalidə Əhmədova da tanışları vasitəsilə hakim arvadından borc olaraq bir neçə dəfə pul alıb. Sonradan isə bu münasibətlər bir qədər də dərinləşib. X.Əhmədova hakimin həyat yoldaşından müxtəlif məbləğlərdə pul alaraq faizə verib. Pulu geri qaytaranda isə faizin müəyyən hissəsini də aralarında bölüblər.
Sonuncu dəfə isə X.Əhmədova hakimin həyat yoldaşından 15 min dollar pul alaraq faizə verib. 2 ay bu məbləğin faizini ödədikdən sonra pulu ödəməkdən imtina edib. Bu zəmində hakimin həyat yoldaşı ilə onun arasında mübahisə yaranıb. Hadisə baş verən gün Xalidə Əhmədova səhər hakimin evinə gedərək onun həyat yoldaşı ilə telefonda başlanmış mübahisəni davam etdiriblər. Həmin vaxt hakimin həyat yoldaşının ürəyində problem yaranıb. Qadın valerian qəbul edib. Mübahisə getdikcə gərginləşib. Nəticədə tərəflər bir-birinə əl qaldırıblar və X.Əhmədova hakimin həyat yoldaşının başını divara çırpıb. Bu zaman qadın “Xalidə, qurban olum, məni öldürmə” qışqırıb.
Bu yerdə qeyd edək ki, qonşuluqda yaşayan bir qadın qışqırıq səsini eşitsə də buna əhəmiyyət verməyib. Üstəlik qonşu qadın qətl hadisəsindən sonra dindirilən zaman “Xalidə” ilə “Nailə” sözləri həmahəng olduğundan əməliyyatçılara səhv deyib. N.Mahmudova yerə yıxılandan sonra X.Əhmədova yastığı üzünə qoymaqla onu boğub.Dindirmə zamanı X.Əhmədova hadisəni törədərkən özündə olmadığını deyib. Aldığımız digər bir məlumatda X.Əhmədovanın əslən Gürcüstandan olduğu deyilir. Bildirilir ki, o, Ermənistan qaçqını olan bir kişi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmin kişinin “Neftçilər” metrosunun yaxınlığında və “Sputnik” mağazasının yanında əsasən siqaret satılan bir neçə ticarət köşkü var. Hazırda həmin şəxs də istintaqa cəlb olunub. Verilən məlumata görə, həmin şəxs X.Əhmədova ilə birgə Mahmudovların yaşadığı Çobanzadə küçəsindəki binanın qarşısına gəlsə də mənzilə daxil olmayıb. Mənzil binanın 5-ci mərtəbəsində olduğundan qışqırıq səslərini də eşitməyib. X.Əhmədovanın hadisə barədə ona məlumat verib-verməməsi də aydınlaşdırılır.
X.Əhmədovanın əvvəllər Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunduğu da bildirilir. Əməliyyat-istintaq qrupu X.Əhmədovanın evinə baxış zamanı onun evindən təxminən 2 kiloqram miqdarında qızıl-zinət əşyaları, həmçinin 25 min manat məbləğində pul aşkarlanaraq maddi sübut kimi götürülüb. Bu qədər sərvətin Tapdıq Mahmudovun evindən götürüldüyü də məlum olub. Qaynağımız deyir Tapdıq Mahmudovun həyat yoldaşının kimlərəsə sələmə pul verməsindən xəbəri olmayıb.
Dünən Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi hadisə ilə bağlı birgə məlumat yayıblar. Məlumatda deyilir ki, 2010-cu il, oktyabrın 15-də saat 13:00 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin rəyi ilə mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən edilib. N.Mahmudovanı qətlə yetirən X.Əhmədovanın yaşadığı ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd pul aşkar edilərək götürülüb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
 




Bugün 1 ziyaretçinəfər burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol