gundelik-xeber - Baş səhifə
  Baş səhifə
  Resul Quliyev mulk
  MİLLİ MƏCLİSƏ SEÇKİLƏR 2010
  Kriminal
  Siyasət
  GUNDELİK XEBER


 

 

Əziz həmvətənlər, Hörmətli Facebook əhli.

İlk öncə mən Sizləri salamlayıram. Və hamınızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Yeni ildə sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Artıq 2010-cu il ilə vidalaşırıq. Xatırladım ki, Azərbaycan 2010-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirmişdir. 2010-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu. Ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara əlbəttə ki, Prezidentimiz İlham Əliyev Cənablarının sayəsində bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bildik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq görüldü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir.

2010-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdi. Son 6 il ərzində Azərbaycanda 800 mindən çox yeni iş yerləri açılmışdır. Bütün bölgələrdə canlanma vardır, abadlıq, quruculuq işləri aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox müfəssəl proqramdır və proqramın icrası nəticəsində, demək olar ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır. Biz görürük ki, bu proqram 2010-cu ilin yekunlarına görə uğurla icra edilir.

Azərbaycanda böyük abadlıq-quruculuq işləri aparılır. Yeni yollar çəkilir. Həm Bakıda, həm bizi qonşu ölkələrlə birləşdirən magistral yollar salınır və bu yollar ən yüksək standartlara cavab verir. Bunlara misal inşası bir neçə gün bundan qabaq bitən və dünən Prezidentimiz İlham Əliyev Cənablarının iştirakı ilə açılışı olan Gənclik dairəsi yaxınlığında, Təbriz küçəsi yaxınlığında yeni inşa olunan körpü-tunel kompleksləri, və şəhərin mərkəzində bir neçə yeraltı keçidləri misal gətirmək olar. Elektrik stansiyalarının tikintisi uğurla davam edir. Bunu etməklə Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Azərbaycanda bütün bölgələrin qazlaşdırılması prosesi davam etdirilir. Əhali təmiz içməli su ilə təmin edilir. Artıq BAKI-OĞUZ-QƏBƏLƏ SU KƏMƏRİ istifadəyə verildi. Əhalinin su təminatı yaxşılaşdırılır, keyfiyyətləşdilir.

Bütün sosial proqramlar icra edilir. Sirr deyil ki, iqtisadiyyatımızın müəyyən hissəsi neftdən əldə olunan gəlirlər hesabına formalaşır və 2009-2010-cu illərdə neftin qiyməti dünyada kəskin şəkildə aşağı düşmüşdür. Buna baxmayaraq, bütün sosial proqramlar vaxtında icra edilir. Ünvanlı sosial yardım proqramı aparılır və bu proqram gələcəkdə də davam etdiriləcəkdir. Hər yerdə yeni məktəblər, tibbi mərkəzlər, idman kompleksləri, mədəniyyət ocaqları yaradılıb. Erməni işğalından əziyyət çəkən soydaşlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması işində əməli addımlar atılmışdır. Yeni qəsəbələr salınır, gözəl evlər, hündürmərtəbəli binalar tikilir. Yəni, bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı öz resurslarına arxalanır. Biz bəzi başqa ölkələr kimi xarici yardım hesabına yaşamırıq. Biz müstəqil siyasət aparırıq, ləyaqətli siyasət aparırıq, öz resurslarımıza arxalanırıq, öz hesabımıza yaşayırıq və ölkəmizi gücləndiririk, abadlaşdırırıq. Və buna görə də Respublikanın Prezidenti İlham Əliyev Cənablarına və onun xanımı YUNESKO və İSSESKONUN xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiriri. Ölkəmizin beynəlxalq müstəvidə daha da güclü olması üçün əlimizdən gələni edirik.

2010-cu ildə kənd təsərrüfatının inkişafı sahəsində böyük işlər görülübdür. Kənd təsərrüfatı məhsullarının istehsalı üçün praktiki işlər görülür, subsidiyalar, kreditlər verilir, soyuducu anbarlar, taxıl anbarları tikilir, suvarma tədbirləri görülür. Yəni, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün bizim düşünülmüş proqramımız vardır və bunun nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları artır. Biz bu gün özümüzü, demək olar ki, əsas kənd təsərrüfatı məhsulları ilə təmin edirik. Gələcəkdə bu, daha da böyük həcmlə təşkil ediləcəkdir. Həm öz daxili tələbatımızı ödəmək üçün, həm də ixrac potensialımızı artırmaq üçün gələcəkdə əlavə imkanlar yaradılacaqdır. Ölkəmiz üçün həm iqtisadi, həm sosial baxımdan çox vacib olan bu sahənin inkişafı kompleks tədbirlər nəticəsində təmin edilir.

Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - mən artıq bu barədə danışdım, - bunlar, eyni zamanda, sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün, həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir.

Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib. Qarşıda duran bütün neft-qaz layihələri icra edilib. Nəzərdə tutulmuş bütün məsələləri həll edilib, ixracımızı şaxələndirə bilmişik. Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla çıxarılır və ixrac coğrafiyası gələn ildən başlayaraq daha da genişlənəcəkdir.

Xarici siyasətə gəldikdə, bu istiqamətdə çox vacib addımlar atılmışdır. Əlbəttə ki, Prezidentimiz İlham Əliyev Cənablarının apardığı xarici siyasəti hər bir Azərbaycan vətəndaşı bəyənir. 2010-cu ildə Azərbaycan bu istiqamətdə çox vacib işlər görmüşdür. Ölkə başçısının müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlar, keçirdiyi görüşlər Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirmişdir. Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdaşlarımızın sayı artır. Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilibdir. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur.

Biz xarici siyasətimizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləyirik. Deyə bilərəm ki, 2010-cu ildə məsələnin həlli üçün çox vacib addımlar atılmışdır. Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Çox sevindiricidir ki, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Yəni ki, məsələ öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Dövlət başçısının həmişə ortaya qoyduğu prinsiplər məhz bunlardır.

„Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir.“ Bu sözləri İlham Əliyev Cənabları dəfələrlə vurğulayır. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları - işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər.

Amma bununla bərabər Azərbaycan öz hərbi potensialını da gücləndirir. Bu, bizim suveren hüququmuzdur və biz bu hüquqdan istifadə edirik. Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu, bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız vardır. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq 5 ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaqdır. 2011-ci ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik.

Əziz həmvətənlər, əziz dostlar!

Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün azərbaycanlılar bu günü qeyd edirlər. Mən Almaniyada, Amerikada, və  dünyada yaşayan bütün azərbaycanlılara uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram. Onlar bilməlidirlər və bilirlər ki, arxalarında qüdrətli Azərbaycan dövləti dayanır. Eyni zamanda, onların uğuru, yaşadıqları ölkələrdə səmərəli fəaliyyəti Vətənimizi - Azərbaycanı daha da gücləndirir. Mən çox şadam ki, bu gün müxtəlif ölkələrdə, dünyanın, demək olar ki, əksər bölgələrində güclü Azərbaycan təşkilatları formalaşıb, fəaliyyət göstərir. Onlar həm bizneslə məşğul olurlar, eyni zamanda, müxtəlif vəzifələrdə, dövlət vəzifələrində çalışırlar, artıq qanunvericilik orqanlarına seçilirlər. Bu da çox vacibdir. Belə mütəşəkkil Azərbaycan icmaları Azərbaycanı gücləndirirlər və yaşadıqları ölkələrdə onların həyat səviyyəsi daha da artır. Bu, çox müsbət haldır.

Dünyada yaşayan azərbaycanlıların sayı çoxdur və bizim fəallığımız, mütəşəkkil qaydada fəaliyyətimiz bizi gücləndirir. Son vaxtlar Azərbaycana qarşı ədalətsiz qərarlar çıxarılarkən Azərbaycanın diaspor nümayəndələri öz güclərini göstərdilər, kütləvi aksiyalarda iştirak etdilər, müxtəlif etiraz aksiyalarına əl atdılar, mədəni, sivil qaydada öz etiraz səslərini ucaltdılar. Bax, budur Azərbaycanın qüdrəti, budur azərbaycançılıq fəlsəfəsinin təntənəsi.

Mən bu əziz gündə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Onların hər biri bizim üçün əzizdir, doğmadır. Onlar bilirlər ki, həmişə doğma Vətənə arxalana bilərlər.

Əziz dostlar!

Əziz FACEBOOK DOSTLARIM!

Əziz həmvətənlər!

Bir daha sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!

 

Hörmətlə: Rəşad Quliyev

 

Bugün 1 ziyaretçinəfər burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol